IV Bakı Təhlükəsİzlİk Forumu
22 sentyabr
2026

IV Bakı Təhlükəsİzlİk Forumu

Auditoriya • Konfrans

22 sentyabr 2026-cı il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə IV Bakı Təhlükəsizlik Forumu keçirilib.

“Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunan Forumda beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub. Forumda çıxış edən DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Forumun ildən-ilə əhatə dairəsini genişləndirdiyini qeyd edib. O, bu cür tədbirlərin aktual təhlükəsizlik çağırışlarının peşəkar səviyyədə müzakirəsi və xüsusi xidmət orqanları arasında dialoqun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Çıxış zamanı beynəlxalq təhlükəsizlik sistemində baş verən dəyişikliklər, yeni təhdidlərə qarşı çevik cavab mexanizmlərinin formalaşdırılması və etibarlı tərəfdaşlığın vacibliyi kimi məsələlərə toxunulub. Davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsiri də diqqətə çatdırılıb.

Forum çərçivəsində DTX və Birləşmiş Millətlər Təşkilatının Terrorçuluğa Qarşı Mübarizə Ofisinin (UNOCT) birgə təşkilatçılığı ilə “Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi” mövzusunda yan tədbir keçirilib. Müzakirələrdə müasir texnologiyaların yaratdığı terror təhdidlərinə qarşı milli və beynəlxalq əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi alətlərin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.