“Enactus Azərbaycan” İdarə Heyətinin üzvləri çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətində gənclərin təhsilli və savadlı yetişməsinin əsas istiqamətlərdən biri olduğunu vurğulayaraq müasir dövrün çağırışlarına cavab verməsi məqsədilə ölkəmizdə həyata keçirilən islahatların əhəmiyyətini qeyd edib, Enactus kimi layihələrin tələbə gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət etdiyini bildiriblər.
12 Avqust tarixində 2025 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsində hakimlərin qiymətləndirilməsi nəticəsində 24 komanda arasında final mərhələsinə vəsiqə qazanan Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin Enactus komandaları tədbir boyunca layihələrini təqdim edib, münsiflər heyətinin suallarını cavablandırıblar.
“Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə Qarabağ Universitetinin Enactus komandası 2025 Enactus Azərbaycan Milli Yarışının qalibi elan edilərək 25-28 sentyabr tarixlərində Taylandda keçiriləcək Enactus Dünya Kubokunda ölkəmizi təmsil etmək hüququnu qazanıblar. Münsiflər heyətinin müvafiq qərarına əsasən Naxçıvan Dövlət Universitetinin Enactus komandası 2-ci, Bakı Ali Neft Məktəbinin Enactus komandası isə 3-cü yerə layiq görülüb.
Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.